Henri Ford 1863-cü ildə Miçiqanda dünyaya gəlib. Fordlar orta səviyyəli fermerlər idi. Fermanın işlərində atasına kömək üçün Henri dayanmadan işləyirdi. Di gəl, fermadakı işlər onun ürəyinə yatmırdı. Məktəbi də sevmirdi Henri. Onu maraqlandıran və həyəcanlandıran yeganə sahə mexanikalar idi. 12 yaşında ikən mexaniki saatları söküb təzədən yığırdı. 13 yaşında məktəb kollektivi ilə birgə Detroytda bir qatar zavodunu ziyarət edir. Burda Henri buxar maşını görür və mexanikaya olan marağı dəlilik həddinə çatır. Elə ordaca Henri buxarla işləyən mühərrikin nəqliyyatda böyük inqilab yaradacağı fikrinə qapılır. O, düşünür ki, mühərrik arabalarda atları əvəz edə bilər.
Çox keçmir ki, Henrinin anası qəflətən ölür. Henri sarsılır... O, anasının xatirələri ilə dolu olan fermadan uzaqlaşmaq istəsə də, bu fürsəti ancaq 3 il sonra əldə edə bilir. Həmin dövrdə hər gənc mexanikin asanca iş tapa bildiyi Detroyta yollanır. Detal emalatxanasında usta şagirdi kimi işə başlayır. Asudə vaxtlarını mexaniki sınaqlar apararaq keçirirdi.
1882-ci ildə, 19 yaşı olanda Henri atasına kömək etmək üçün fermaya dönür. Düzdü, o, fermada işləməyi sevmirdi, amma buxarlı maşınlar əkinçilikdə istifadə edilməyə başlamışdı. Henri məhz bu maşınlarla işləməkdən zövq alırdı. Qısa müddətdə onların necə işlədiyini və necə təmir edildiyini öyrəndi. 1885-ci ildə Henrinin əlinə bir dərgi keçir. İngilis dərgisində yanacaqla işləyən mühərrikin sxemi verilmişdi. Bu mühərrik alman mühəndis Nikolas Otto tərəfindən icad edilən daxili yanma mühərriki idi. 1889-cu ildə Henri bu mühərriklə işləmə fürsəti əldə etdi və onun avantajlarını anladı. Bu mühərrik buxarlı mühərriklərdəki ağır qazanlara və bol miqdarda suya ehtiyac duymurdu. Üstəlik, yüngül idi. Bundan əlavə, buxarlı mühərriklərdə suyu isitmək üçün, ən azı, 30 dəqiqə vaxt lazım olurdu. Daxili yanma mühərriki isə daha tez işə düşürdü. Bir sözlə, Henri daxili yanma mühərrikinə aşiq idi...
Henri zamanla mühərrikin bütün detallarını öyrəndi. Amma anlamadığı bir məqam vardı: mühərrikin daxilindəki partlama bir elektrik qığılcımının köməyilə baş verirdi və Henrinin elektriklə bağlı anlayışı az idi. Elektriki yaxından tanımaq istəyən Henri ailəsi ilə birgə Detroyta köçür. Burda Henri “Edison elektrik şirkəti”ndə işləməyə başlayır. Detroytda minlərlə evi elektriklə təmin etmək üçün şirkət buxarlı maşınlardan istifadə edirdi. Buxarlı maşınlar haqqında məlumatlı olan Henri şirkət üçün yaxşı işçi siyahısındaydı. Üstəlik, mühərriklər xarab olanda Henri onları təmin edirdi.
31 yaşında Henri şirkətdə baş mühəndis vəzifəsinə yüksəldi. Bu ərəfədə asudə vaxtlarının hamısını öz daxili yanma mühərrikini istehsal etməyə sərf edirdi. 3 il boyunca emalatxanasında saysız-hesabsız sınaqlar apardı, dayanmadan işlədi, nəhayət, “Quadricycle” adlı ilk maşınını yaratdı. Sadə gövdəyə, etanol ilə işləyən mühərrikə və 4 velosiped təkərinə malik olan maşının 2 sürət qutusu da vardı. Amma əyləc sistemi yox idi. Ən önəmlisi, maşında soyutma sistemi yox idi, isinmə isə əsl problem idi. Henri prototipi Tomas Edisonun da daxil olduğu şirkət müdirlərinə təqdim etdi. Edison onun icadından mütəəssir oldu. Müdirinin dəstəyi ilə bir il içində Henri maşınını bir az da təkmilləşdirdi. Məsələn; maşına bir soyutma sistemi əlavə etdi.
Henrinin bir az təkmilləşmiş “Quadricycle”-ı Detroytlu investorların diqqətini çəkdi. Onlardan biri –William Murphy Henriyə maliyyə dəstəyi ayırdı. Beləcə, Henri “Edison” şirkətindən ayrıldı və öz şirkətini qurdu. 1899-cu ildə 150 min dollarlıq sərmayə ilə Henri “Detroyt avtomobil firması”nı qurdu. İnvestorlar onun nə edəcəyini maraqla və səbirsizliklə gözləyirdilər.
Henrinin planı isə çox gözəl idi. Detroytda sənayenin hər incəliyinə bələd olan Henri sənaye maşınları istehsal edəcəkdi. Bir istehsalat sexi qurdu və 100 işçi götürdü. At arabasına bənzəyən bir maşın yaratdı, adını “Daşıma vaqonu” qoydu. Həm hündür, həm də ağır olan maşının yanma və karbürator problemləri vardı. Həmçinin, yüksək maliyyə tələb edirdi. Sənaye maşınlarının istehsalı Henrinin düşündüyündən də çətin idi. Detallar başqa-başqa zavodlarda istehsal edildiyindən bəzən vaxtlı-vaxtında Henrinin əlinə çatmırdı. Beləcə, Henri bir ildə cəmi 20 maşın istehsal edə bildi.
İnvestorlar xəyal qırıqlığına uğradılar və Henrinin şirkətdən ayrılması üçün səsvermə keçirdilər. Hissələrin 15%-nə sahib olan Henrinin şirkətdən ayrılmaqdan başqa çarəsi qalmamışdı. Amma o, yolundan dönən adam deyildi. Bu dəfə o, sadə insanların da əlinin çatacağı ucuz avtomobillər istehsal etməyi planlaşdırdı. Bunun üçün Henri yenə saysız-hesabsız sınaqlar apardı... 20 avtomobil layihəsindən cəmi birini seçdi, ona “Model A” adını verdi. 1904-cü ildə artıq öz şirkətini qurmağa hazır idi. İnvestorların dəstəyiylə “Ford Motor Şirkəti”ni yaratdı. Bir neçə həftə sonra şirkət ilk avtomobilini təqdim etdi. İki oturacaqlı, mühərriki 8 at gücünə malik avtomobil idi.
Videoları qaçırmayın
Videoları qaçırmayın